az | ru | en

5 fevral 2024


QARA QARAYEV - 106


5 fevral görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 106-cı ildönümüdür.
Bu münasibətlə səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları respublikamızın tanınmış musiqi ictimaiyyəti ilə birgə əbədiyaşar bəstəkarın Fəxri Xiyabandakı məzarını ziyarət etmişlər.
Muzeyin filialı olan Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkarın anadan olmasının 106 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları iştirak etmişlər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, Kamboca Krallığında, Laos Xalq Demokratik Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şövqi Mehdizadə, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova, musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxış etmişlər.
Alla Bayramova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşr etdirdiyi Qara Qarayevin Altı rübai Ömər Xəyyamın sözlərinə Səs və fortepiano üçün notunun (layihənin müəllifi və elmi redaktoru Alla Bayramova) təqdimatını etdi.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Səfura Aslanova, Zümrüd Davudova, Mələk İsrafilova, Elmira Qafarova, Aynel Mehdiyeva, Sara Tağızadə professor, Xalq artisti Ülviyyə Hacıbəyovanın müşayiəti ilə "Ömər Xəyyamın sözlərinə 6 Rübai" (rejissor Əməkdar artist İnarə Babayeva) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Respublika və Beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev və konsertmeyster Azərbaycan Milli Konservatoriyasının Fortepiano kafedrasının müəllimi Nigar Hüseynzadənin ifalarında Qara Qarayevin "Vətən" operasından Mərdanın ariyası ifa olunmuşdur. Tədbir Qara Qarayevin 1954-cü ildə yazdığı "Vyetnam süitası"nın bu yaxınlarda Hanoyda Vyetnam Milli Simfonik Orkestri və Hanoy Filarmonik Orkestrinin ifasının video görüntüləri ilə davam etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.