az | ru | en

2 fevral 2024


2 FEVRAL - AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ


Ölkəmizdə gənclərin imkan və bacarıqları yüksək qiymətləndirilir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusu önəm verilir. Bu müstəqil Azərbaycan dövlətinin əsas istiqamətlərindən biridir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı üçün şərait yaradılır. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intelektual nəslin formalaşmasına xidmət edir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi mütəmadi olaraq gənclərin asudə vaxtının səmərəli təşkili, Azərbaycanın zəngin mədəni irsi, musiqi mədəniyyəti ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə tədbirlər, layihələr həyata keçirir.
2 fevral 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və bütün filiallarında gənclər üçün "Açıq qapı" günü olmuşdur.
Bu gün "Gənclərə dəstək" layihəsi çərçivəsində həvəskar musiqiçilərin konserti keçirilmişdir. Konsertdən əvvəl tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış oldular.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konsertdən əvvəl giriş sözü ilə çıxış etmişdir. Tədbirin aparıcısı, Bakı Dövlət Universitetinin magistri İradə Məlikzadə artıq 27 ildir ki, respublikamızda qeyd olunan Gənclər Günü və gənclərə göstərilən diqqət və qayğı haqqında cıxış etmişdir. Daha sonra tədbir həvəskar musiqiçilərin konserti ilə davam etmişdir.
Konsertdə həvəskar bəstəkar Həbib Həbibov öz bəstələdiyi musiqi nümunələrini təqdim etmiş, pianoçu İsa Əliyev, muzeyin əməkdaşı Orxan Məmmədov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmiş, gənc şairə, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Nigar Arif şeirlərini təqdim etmişdir. Sonda konsert proqramından ilhamlanan gənc tamaşaçılar Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət mahnılarla çıxış etmişlər.
Muzeyin direktoru Alla Bayramova konsert iştirakçılarına muzeyin nəşri olan diskləri hədiyyə etmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.