az | ru | en

19 sentyabr 2023

ARİF MƏLİKOV - 90



19 sentyabr 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyində 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının və SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı, Akademik, professor Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, direktor müavini Təranə Zeynalova, Qara Qarayev Ev Muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova tədbirin qonaqlarını salamlamışlar.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva-İbrahimovanın "Arif Məlikov: tarix və müasirlik" kitabının təqdimatı keçirilmişdir.
Kitabda görkəmli bəstəkar Arif Məlikovun yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb.
Kitabın müəllifi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini Aytən Baxşiyeva-İbrahimova çıxış edərək görkəmli bəstəkar Arif Məlikov yaradıcılığının müxtəlif istiqamətlərindən, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolundan danışıb.
Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. "Arif Məlikov: tarix və müasirlik" kitabının elmi redaktoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Bakı Musiqi Akademiyasının baş müəllimi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Babayeva, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalova, "Şərq-Qərb" nəşriyyatının direktoru Sevil İsmayılova çıxış etmişlər. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Bədii hissədə Əməkdar artist Nərgiz Kərimova (vokal), Svetlana Əhmədova (f-no), Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Mətanət Nurullayeva (f-no), Respublika və Beynəlxalq müsabiqələr laureatı Humay Hacızadə (viola), Tomris Hüseynova (f-no), Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi pianoçu-bəstəkar Nuranə Zeynalova, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti, Respublika və Beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva (fleyta), Bakı Musiqi Akademiyasının müəllimi Zərif Kərimova (f-no) Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər. Tədbirdə "Məhəbbət əfsanəsi" baletindən, Səkkizinci "Əbədiyyət" simfoniyasından videoyazılar, sənədli kadrlar nümayiş olunmuşdur.
Sonda Arif Məlikovun nəvəsi Aminə Məlikova çıxış edərək tədbirin təşkilinə görə minnətdarlığını bildirdi.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.