az | ru | en


19 dekabr 2023


FƏRƏC QARAYEV-80
(19 dekabr 1943)


Bu gün tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin 80 yaşı tamam oldu.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sevimli bəstəkarımız Fərəc Qarayevi yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları arzu edir!
Fərəc Qarayev 1943-cü il dekabrın 19-da Bakıda anadan olub. 1966-cı ildə məşhur Azərbaycan bəstəkarı, atası professor Qara Qarayevin kompozisiya sinfi üzrə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildə F.Qarayev elə onun sinfində aspiranturanı bitirib. F.Qarayev 1994-cü ildə professor elmi adını alıb. 1966-2003-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) kompozisiya, instrumentovka və polifoniyadan dərs deyib.
Fərəc Qarayev 1991-ci ildən Moskvada yaşayır. 1999-cu ildən P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur, 2003-2005-ci illərdə N.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının polifoniya kafedrasının professoru olub. 1994-1996-cı illərdə Moskva Müasir Musiqi Assosiasiyasının (MMA) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda təsis etdiyi "Yeni Musiqi" Müasir Musiqi Cəmiyyətinin prezidentidir. 1980-1994-cü illərdə "BaKaRA-ENSEMBLE"nin (Bakı) bədii rəhbəri olub. 1991-1992-ci illərdə A.Krupp Mədəniyyət Fondunun (Essen, Almaniya) təqaüdçüsü, 2007-2008-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Zamanla üz-üzə" layihəsinin bədii rəhbəri olub.
Fərəc Qarayev müxtəlif janrlarda təxminən 50-dən artıq əsərin müəllifidir. Bəstəkarlıq sənətinin bütün incəliklərinə bələd olan F.Qarayev bütün yaradıcılığı boyu müxtəlif musiqi üslubları və istiqamətlərinə müraciət edir, yaradıcı özəlliklərini itirmədən müxtəlif janrlarda əsərlər yaradır.
Fərəc Qarayev "Journey to love" monooperası, "Qobustan kölgələri", "Kaleydoskop" baletləri, "İntizarda..." - teatr səhnəsində ifa üçün musiqi, iki orkestr üçün Tristessa II, kamera orkestri üçün Tristessa I (Vida simfoniyası), simfonik orkestr üçün 1791, fp. və kamera orkestri üçün Konsert, orkestr və solo violino üçün Konsert, simli kvartet üçün "In memoriam..." süitası (a.Bergen ithaf), müxtəlif instrumental ansambllar üçün: "...a crumb of music for george crumb", "Klänge einer traurigen nacht", "...alla nostalgia", "Der stand der dinge", "Ist est genug?..", "xütbə, muğam və surə", "Cancion de cuna", "Babil gülləsi", Postludio I-x (müxtəlif solo alətlər və instrumental heyətlər üçün); "... messeur bee line - eccentric və ya siz hələ sağsınız, cənab nazir?" (müxtəlif solo alətlər və instrumental heyətlər üçün versiyalar); iki ifaçı üçün sonata, "Drei bagatellen" (fp. və 5 (6) alət üçün), solo violonçel üçün "Terminus" və s. əsərlərin müəllifidir.
Onun musiqisi MDB, Avropa, Cənubi Amerika ölkələri, ABŞ, Yaponiyada keçirilən müxtəlif festival və konsertlərdə ifa olunur.
Fərəc Qarayev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaxın dostudur. Vətənə gəlişləri zamanı muzeyimizin tədbirlərində - görüşlər, mühazirələrdə yaxından iştirak edir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev Muzeyinin yaradılması və 2018-ci ildə açılışında yaxından iştirak etmişdir.
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış "Fərəc Qarayev - 80" virtual sərgisini Sizə təqdim edirik.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.