az | ru | en

17 noyabr 2023


GÜLARƏ ƏLİYEVA-90 (17.11.1933-27.07.1991)


Azərbaycanın sönməz ulduzu, tanınmış musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Azərbaycanın Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın bu gün 90 yaşı tamam olur.
Gülarə Əziz qızı Əliyeva 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1966-cı ildə "Bəstəkar F.Əmirovun yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışıb. 1968-ci ildə klassik və xalq çalğı alətlərinin sintezindən ibarət "Dan ulduzu" ansamblını yaradıb və ömrünün sonuna kimi düz 23 il bu ansambla rəhbərlik edib. O, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov və bir sıra digər tanınmış bəstəkarla işləyirdi. Bu ansamblla Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər xarici ölkələrdə çıxış edib. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir. Ansambl üçün bir sıra xalq mahnısını aranjeman edib.
1966-1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun Musiqi nəzəriyyəsi kafedrasının müdiri, o cümlədən institutun elmi şurasının üzvü olub.
Gülarə Əliyeva şərəfli bir ömür yolu keçib. Sənət dostları onu "Dan ulduzu" kimi əbədiyaşar insan adlandırıblar.
O, 1991-ci il iyulun 27-də vəfat edib. Ölümündən sonra "Dan ulduzu" ansamblına onun adı verilib.
XX əsr Azərbaycan musiqisinə ulduzlar pleyadası bəxş etdi. Vətəninin adını xarici ölkələrdə tanıtdı, mədəniyyətini layiqincə təmsil etdi, musiqisinə öz töhfələrini verdi.
Şərqdə ilk qadın ansambl rəhbəri kimi... Azərbaycanın görkəmli musiqiçisi, pianoçusu, sənətşünaslıq elmləri namizədi, əməkdar incəsənət xadimi kimi...
Və sadəcə əfsanəvi "Dan ulduzu" ansamblının yaradıcısı, bədii rəhbəri Gülarə Əliyeva kimi...
Xatırladaq ki, Gülarə Əliyeva həkim Əziz Əliyevin qızı, oftalmoloq-akademik Zərifə Əliyevanın, endokrinoloq Tamerlan Əliyevin və onkoloq Cəmil Əliyevin bacısıdır. Ulu öndər Heydər Əliyevin baldızıdır.
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış "Gülarə Əliyeva - 90" virtual sərgisini Sizə təqdim edirik.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.