az | ru | en

18 aprel 2023

MƏCİD BEHBUDOV (18.04.1873-06.09.1945)


Bu gün 150 yaşı tamam olan tanınmış Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi Məcid Behbudov Şuşada sahibkar ailəsində anadan olmuşdur.
Onun məlahətli və güclü səsi hələ uşaq yaşlarından musiqi xadimlərinin, muğam ustadlarının diqqətini cəlb edirdi. Uşaqlıqdan xanəndə olmaq arzusu ilə yaşayan Məcid Behbudov əvvəllər bir müddət məsciddə nohə oxumuş və minacat vermişdir, sonralar o, dövrünün görkəmli musiqiçiləri ilə birlikdə Şuşanın musiqi məclislərində və toy şənliklərində xanəndəlik etməyə başlamışdır. Cəlil bəy Bağdadbəyovun verdiyi məlumata görə, Məcid xanəndəliyə 1904-cü ildən başlamışdır. O, Qarabağda və Gəncədə xanəndə kimi fəaliyyət göstərsə də sonralar uzun illər Tiflisdə yaşamış və konsertlər vermişdir. Məcid Behbudovun repertuarı geniş və rəngarəng idi. "Mirzə Hüseyn Segahı", "Şüştər", "Çahargah" muğamlarının mahir ifaçısı sayılırdı. 1910-cu ildə "Qrammofon" şirkəti xanəndənin səsini vala yazmaq üçün Riqaya dəvət edir və Məcid Behbudov burada Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir neçə muğam, təsnif və xalq mahnılarını oxuyub vala yazdırır. XX əsrin əvvəllərində İngiltərənin "Qrammofon-Rekords" şirkəti tərəfindən buraxılmış qırxdan artıq valın içərisində “Şuşa təsnifi”nin öz xüsusi yeri, xüsusi çəkisi var. Bu vala yazılmış "Qalalıyam, qalalı" xalq mahnısı isə böyük sənətkarın doğma yurdu Şuşaya, onun insanlarına olan sonsuz məhəbbətinin və ehtiramının ən gözəl nişanəsidir. Xanəndənin səsi yazılmış onlarca val indi ən məşhur muzeylərdə və şəxsi kolleksiyalarda, o cümlədən Böyük Britaniyanın məşhur Kral kitabxanasında qorunub saxlanılır.
Xanəndə Azərbaycanda opera teatrının inkişafında da yaxından iştirak etmişdir. O, ilk dəfə səhnəyə 1911-ci ildə Bakıda Nikitin qardaşlarının teatrında tamaşaya qoyulan "Fərhad və Şirin" operasında Xosrov rolunda çıxıb. Sonralar sənət yoldaşı Məşədi Cəmil Əmirovun "Seyfəl-mülk" operasında, Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın mal alan", "O olmasın bu olsun" və s. opera və operettalarında Nofəl, Məcnunun atası, Sofi, Süleyman, Həsənqulu bəy kimi müxtəlif obrazları ilə yadda qalmışdır.
Məcid Behbudovun övladları Azərbaycan mədəniyyətində mühüm rol oynamışlar: məlahətli səsi ilə dünyanı fəth edən müğənni, SSRİ xalq artisti Rəşid Behbudov, rejissor, Xalq artisti Ənvər Behbudov, aktrisa, Əməkdar artist Nəcibə Behbudova ailə ənənəsini davam etdirmişlər.
Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan görkəmli xanəndə Məcid Behbudov musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında qorunub saxlanılan Məcid Behbudovun fotoşəklini və Riqa şəhərində "Qrammofon" şirkəti tərəfindən M.Behbudovun səsi yazılmış valı sizə təqdim edirik.








Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt Digital Age şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.