az | ru | en

1 oktyabr 2026

Beynəlxalq Musiqi Gününə həsr olunmuş tədbir


Oktyabrın 1-də 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Beynəlxalq Musiqi Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Beynəlxalq Musiqi Gününün əhəmiyyətindən, Qara Qarayevin ev-muzeyinin yaradılması tarixindən və fəaliyyətindən, dahi bəstəkarın dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən və yaradıcılıq mövqeyindən bəhs edib. Tədbir çərçivəsində muzeyin direktoru Alla Bayramova Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırovanın muzeyə ünvanladığı məktubu iştirakçılar üçün səsləndirib. Həmçinin Alla Bayramova İtaliyanın Piemont regionunda yerləşən Kassine şəhərində "Palazzo Mandrilli" qalereyası tərəfindən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna XIX-XX əsrlərə aid dörd orijinal musiqi nəşrinin hədiyyə edildiyini vurğulayıb. Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti, respublika və beynəlxalq müsabiqələr laureatı Xadicə Hacılı (violin), respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin İmanova (fleyta), Nərgiz Vəlizadə (fortepiano), Zümrüd Əlizadə (fortepiano), Sadiq Heybətov (truba) və Aysun Mahmudzadə (vokal), həmçinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları Nəbi Uğur (fortepiano), Nuray Şahməmmədli (fortepiano) və Aydan Yeşildağın (fortepiano) ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri təqdim olunub. İfaçıları Əli Vəliyev, Ərtoğrul Balayev, Fərid Hüseynov, Mehin Zalıyeva və Emir Bayramzadə müşayiət ediblər. Konsert proqramında iştirak edən musiqiçilərin müəllimləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, prorektor Nərminə Quliyeva, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mirbabayeva və Əməkdar müəllim, III dərəcəli "Əmək" ordenli professor Gülnarə Acalova və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimləri Zərifə Məmmədyarova, Tatyana Ryabuxa olublar. Konsert proqramının təşkilatçıları Gülnarə Acalova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, beynəlxalq müsabiqələr laureatı Cəmalə Abdinzadədir. Tədbir çərçivəsində Qara Qarayevin ev-muzeyinin fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunub. Tədbirin sonunda Bakı Musiqi Akademiyasının professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə muzeyin rəhbərliyinə və əməkdaşlarına, müəllimlərə təşəkkürünü bildirib.




Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.