|
19 sentyabr 2026
19 sentyabr 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Aydan Yeşildağın Milli Musiqi Gününə həsr olunmuş tədbir çərçivəsində konserti keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Azərbaycan musiqisinin zəngin ənənələrindən, milli musiqimizin dünya mədəniyyətindəki mövqeyindən və Milli Musiqi Gününün ölkəmizdə hər il təntənə ilə qeyd olunmasının əhəmiyyətindən bəhs edib.
Daha sonra muzeyin şöbə müdiri Əzirə Abdullayeva çıxış edərək musiqinin keçmişlə gələcəyi birləşdirən, milli-mənəvi dəyərləri yaşadan əbədi körpü olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində respublika və beynəlxalq müsabiqələr laureatları Aydan Yeşildağ (fortepiano), İlahə Məmmədova (fleyta), Prezident mükafatçıları, respublika və beynəlxalq müsabiqələr laureatları Səməd Novruzov (vokal), Nicat Məsimov (balaban), Bakı Musiqi Akademiyasının magistrantı Nəzrin Qulamova (fortepiano), Azərbaycan Milli Konservatoriyasının tələbəsi Sara Hüseynova (vokal), həmçinin kvartetin üzvləri Zahid Abbaszadə, Aysel Səlimova, Həmidə Adilova, Cahan Hacıxanlı tərəfindən rəngarəng musiqi proqramı təqdim olunub.
Tədbirin sonunda muzeyin direktoru Alla Bayramova Aydan Yeşildağa muzeyin nəşrlərini və disklərini hədiyyə edib. Həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəşr etdiyi və muzey tərəfindən hazırlanmış "Üzeyir Hacıbəyli. Bəstəkarın yaşadığı illərə aid materiallar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında" adlı kataloq layihənin rəhbəri və elmi redaktoru Alla Bayramova tərəfindən tədbir iştirakçılarına təqdim edilib.
Tədbirlər
|
|
|