25 aprel 2026
ZƏRİFƏ ƏLİYEVA - 103
25 aprel 2026-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova konsertdən əvvəl giriş sözü ilə çıxış etmiş, qeyd etmişdir ki, Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan, Azərbaycan qadınının mücəssəməsi olaraq vəfalı ömür-gün yoldaşı, eyni zamanda, qayğıkeş ana kimi bu gün də xatirələrdə yaşayır.
Konsert proqramında Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar müəllim, dosent Kəmalə Mirbabayeva, Beynəlxalq müsabiqə laureatları, dosentlər Züleyxa Abdulla, Sevda Məmmədli, baş müəllim Zərif Kərimova (f-no) və Nərgiz Əliyevanın (fleyta) ifalarında Zərifə xanım Əliyevanın sevə-sevə dinlədiyi Avropa və Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları təqdim olunmuşdur. Konsertdən sonra Bakı Musiqi Akademiyasının prorektoru, professor, Xalq artisti Yeganə Axundova ürək sözləri ilə çıxış etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Əzirə Abdullayeva iştirakçılara gözəl konsert proqramna görə minnətdarlığını bildirmişdir.
Tədbirlər
|