5 fevral 2026
QARA QARAYEV - 108
(05.02.1918-13.05.1982)
Bu gün görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, ictimai xadim, akademik Qara Qarayevin anadan olmasının 108-ci ili tamam olur.
Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin parlaq səhifələrini təşkil edir. Klassik və müasir musiqinin uğurlu sintezini yaradaraq mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş bəstəkarın müxtəlif janrlı əsərləri XX əsr dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və ümumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə dünya şöhrəti gətirməklə yanaşı, Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb etmişdir.
Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında həlledici rol oynayıb, onilliklər ərzində təxminən 70 professional bəstəkar yetişdirərək Azərbaycan musiqi mədəniyyətinə yeni nəfəs gətirib. Rauf Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov, Polad Bülbüloğlu, Firəngiz Əlizadə və digər tanınmış sənətkarlar bu məktəbin yetirmələridir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şounu sizə təqdim edirik.
Tədbirlər
|