27 sentyabr 2025
"44 GÜNLÜK QƏHRƏMANLIQ SAVAŞIMIZ TARİX BOYU ŞANLI QÜRUR MƏNBƏYİMİZDİR"
25 sentyabr 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində şəhid ailələri və müharibə iştirakçılarının iştirakı ilə 27 sentyabr - Azərbaycan Respublikasında Anım Günü münasibətilə "44 Günlük qəhrəmanlıq savaşımız tarix boyu qürur mənbəyimizdir" adlı tədbir keçirilmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabr ayında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığı ilə nəticələndi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Anım tədbiri Azərbaycan Respublikasının Himninin ifası ilə başlamışdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva dövlətçilik tariximizin ən şərəfli səhifələrindən olan II Qarabağ müharibəsi, Vətən müharibəsində döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlıqları haqqında çıxış etmişdir.
Anım tədbirində şəhid musiqiçilər Tamerlan Mahmudovun və Turan Şərifovun xatirələrinə həsr olunmuş, onların ifaları olan videoçarxlar nümayiş edilmiş, Turan Şərifovun atası Vidadi Şərifov çıxış etmişdir.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Respublika və Beynəlxalq müsabiqələr laureatı Rəna Zəkiyeva və şagirdləri - Beynəlxalq və Respublika Müsabiqələri laureatı Mirnofəl Həsənov, Respublika Müsabiqələri laureatı Hazar Teymurzadə, Ramin Rzayev, Ələkbər Cəfərovun ifalarında vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizə həsr olunmuş musiqi proqramı təqdim olunmuş, videoifalar nümayiş edilmişdir. Musiqi proqramı şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş videoçarxla müşayiət olunmuşdur.
Tədbirlər
|