az | ru | en

18 sentyabr 2025


18 sentyabr - Milli Musiqi Günü. Üzeyir Hacıbəyli - 140.


18 Sentyabr dahi Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yubileyin layiqincə keçirilməsini təmin etmək məqsədilə 3 fevral 2025-ci il tarixində "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalamışdır. Bu gün həmçinin Azərbaycanda Milli Musiqi Günüdür.
Ulu öndər Heydər Əliyevin dahi Üzeyir Hacıbəylinin 110 illik yubileyi münasibətilə 1995-ci il 17 sentyabr tarixində imzaladığı Sərəncama əsasən, 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunmağa başlayıb.
Qeyd etmək lazımdır ki, böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Maestro Niyazinin təşəbbüsü ilə XX əsrdə hər il sentyabrın 18-i, Üzeyir bəy Hacıbəylinin anadan olduğu gün respublikamızda xüsusi təntənə və mərasimlərlə qeyd edilib. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərləri səsləndirilərdi.
Niyazinin Mənzil Muzeyi üçün bu gün həm də ona görə əlamətdardır ki, 18 sentyabr 1994-cü ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin açılışı olmuşdur.
Bu münasibətlə 18 sentyabr 2025-ci il tarixində Niyazinin Mənzil Muzeyində tədbir keçirilmişdir. Tədbiri Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açaraq Milli Musiqi Günü haqqında, muzeyin açılışının 31-ci ildönümü haqqında ətraflı məlumat vermişdi. Həmçinin Ü.Hacıbəylinin həyat və yaradıcılığı və Niyazinin Mənzil Muzeyinin 31 illiyinə həsr olunmuş slayd-şou nümayiş edilmişdir.
Tədbirin bədii hissəsində pianoçu, vokal ifaçısı, musiqişünas Sevinc İbrahimova və Gülnar İrşadi Ü.Hacıbəyli, M.Maqomayev, Niyazi, Qara Qarayev əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.





Tədbirlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.