5 iyun 2025
ƏHSƏN DADAŞOV GUŞƏSİ
5 iyun 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "ƏHSƏN" Yaradıcı Təşəbbüslər Mərkəzi və Xəzər Media Mərkəzinin birgə təşkilatçılığı ilə ustad tarzən, pedaqoq, ictimai xadim, Əməkdar artist Əhsən Dadaşova həsr olunmuş güşənin açılış mərasimi keçirilmişdir.
Muzeyin muğam zalında görkəmli tarzən Əhsən Dadaşovun ailəsi tərəfindən hədiyyə olunmuş 40-dan yuxarı eksponat - sənətkara məxsus tar, saz, ud musiqi alətləri, fotoşəkillər, şəxsi əşyalar və s. Əhsən Dadaşov guşəsində geniş tamaşaçı auditoriyasına təqdim olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Daha sonra söz tədbirin aparıcısı, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızına verilmişdir. O, Əhsən Dadaşovun yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafı, zənginləşməsi və təbliği sahəsində əvəzsiz xidmətləri haqqında məlumat vermişdir.
Açılış mərasimində Xəzər Media Mərkəzinin baş direktoru, Xalq artisti Murad Dadaşov layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.
"ƏHSƏN" Yaradıcı Təşəbbüslər Mərkəzi"nin rəhbəri Tamilla Əliyeva, "Əhsən Dadaşov guşəsi"nin bədii tərtibatçısı, Xəzər Media Mərkəzinin baş rəssam və dekorçusu Xuraman Əkbərova ürək sözləri ilə çıxış etmişlər. Tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri - görkəmli tarzən, Xalq artisti Adil Bağırov, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor, Əməkdar incəsənət xadimi Nazim Kazımov, dirijor, Xalq artisti Ağaverdi Paşayev, kamança ifaçısı, Əməkdar artist Mirnazim Əsədullayev Əhsən Dadaşov haqqında xatirələri, musiqi mədəniyyətimizin zənginləşməsində əvəzsiz xidmətləri haqqında danışmışlar.
Əməkdar artist Nuriyyə Hüseynova, gənc xanəndə Günay İmamverdiyevanın Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Toğrul Əsədullayevin (kamança) müşayiəti ilə ifa etdikləri Əhsən Dadaşovun müəllifi olduğu mahnılar tədbirə xüsusi rəng qatmışdır.
Sonda Əhsən Dadaşovun qızı, pianoçu Xanım Məhərrəmova çıxış etmiş, tədbir iştirakçılarına, muzeyin rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirmişdir.
Tədbirlər
|
|