Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 27 may 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "28 May Müstəqillik Günü"nə və "18 iyun - Milli İnsan Hüquqları günü"nə həsr olunmuş "Müstəqil Azərbaycanda insan hüquqlarının müdafiəsi" mövzusunda mühazirə saatı keçirildi.
Ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixində təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli "Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında" Sərəncamını əldə rəhbər tutaraq 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur. Hər il 18 may – 18 iyun tarixləri arasında keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələr bu mövzu ətrafında maarifləndirici tədbirlər təşkil edir. Bu il həm də Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 202--cü il tarixli Sərəncamı ilə elan edilmiş "Konstitusiya və Suverenlik İli" dir.
Bütün sadalananların ortaq cəhətlərini əsas tutaraq Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə 27 may 2025-ci il tarixində respublikamızda Müstəqillik Gününün qeyd olunduğu ərəfədə öz kökünü Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən hüquqi biliklərdən və müasir dövlətimizin qanunvericilik sistemindən bəhs edən mövzuya həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin əməkdaşı Günay Teymurova açaraq ölkəmizdə insan hüquq və azadlıqlarının fundamental banisi Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışdı. Ardınca Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının Hüquqi Maarifləndirmə Sektorunun baş məsləhətçisi Aydan Talıbova insan hüquqlarının anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, insan hüquq və azadlıqlarının müdafiəsi, təmin olunması və s. barədə geniş məruzə ilə çıxış etdi. Görüş zəminində hüquqi məsələlər və prosedurlar ətrafında aparılan diskussiya zamanı tədbir iştirakçılarını maraqlandıran suallar mütəxəssis tərəfindən ətraflı şəkildə cavablandırıldı.
Sonda xatirə şəkli çəkildi.
Tədbirin auditoriyası Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrindən, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət idi.
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »
Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır
Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.