26 may 2025
28 May Müstəqillik Günü
26 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası ilə birgə 28 May Azərbaycan Respublikasında Müstəqillik Gününə həsr olunmuş elmi-ifaçılıq konfransı keçirilmişdir.
Tədbir Ümummilli Lider, müasir və müstəqil Azərbaycanın banisi, qurucusu Heydər Əliyevin müstəqilliyimiz haqqında çıxışının videoyazısı ilə başlamışdır.
Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış etmişdir. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən Baxşiyeva Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, klassik musiqinin təbliğinə göstərdiyi böyük diqqət və qayğı haqqında çıxış etmişdir.
Daha sonra məktəbin şağirdləri, məruzəçilər Hüseyn Quliyev (f-no), Rauf Bağırzadə (f-no), Elşad Məmmədli (truba), Cəlalə İsmayılzadə (f-no), Araş Seyfpour (f-no), Rasim Əfəndiyev (vokal) elmi-ifaçılıq konfransında çıxışlarında ifa etdikləri dünya klassiklərinin (E.Qriq, F.Şopen, B.Kalinnikov, S.Bax, V.Motsart və T.Quliyev) əsərlərinin musiqili təhlilini etmiş, müəllimlərin onlara ünvanlanan suallarını cavablandırmışlar.
Elmi-ifaçılıq konfransları ilk dəfə illər öncə məktəb-studiyanın yaradıcısı və rəhbəri mərhum professor Tərlan Seyidov tərəfindən bir layihə kimi irəli sürülmüşdür. Həmin ənənə bu günə qədər məktəb-studiyanın rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova tərəfindən qorunub saxlanılır.
Sonda məktəbin direktoru Sevda Məmmədova, musiqişünas, müəllim Vəfa Həmidova çıxış etmiş, şagirdlərə böyük uğurlar arzulamış, yaradılan şəraitə görə muzeyə dərin təşəkkürlərini bildirmişlər.
Tədbirdən sonra iştirakçılara ekskursiya aparılmış, Maestro Niyazinin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilmişdir.
Tədbirlər
|