15 may 2025
"Qara Qarayevsiz 43 il"
Bu gün görkəmli bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (05.02.1918-13.05.1982) vəfatından 43 il ötür.
Bu münasibətlə səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və muzeyin filialı olan Qara Qarayevin Ev Muzeyinin əməkdaşları respublikamızın tanınmış musiqi ictimaiyyəti ilə birgə Fəxri Xiyabanda Qara Qarayevin məzarını ziyarət etmişlər.
Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkarın anım gününə həsr olunmuş "Qara Qarayevsiz 43 il" adlı tədbir keçirilmişdir.
Tədbirdə Qara Qarayevin Ev Muzeyinin müdiri Lətifə Məmmədova giriş sözü ilə çıxış etmiş, görkəmli bəstəkarın həyat və yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzolunmaz xidmətləri haqqında danışmışdır. Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırova öz şəxsi arxivindən bəzi əşyaları muzeyin fonduna hədiyyə etmişdir.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Respublika və Beynəlxalq Müsabiqələr laureatları Aysun Mahmudzadə, Zümrüd Əlizadə, Elçin Məmmədov, Nuranə Əliyeva, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Samir Əsədli və Hümmət Ziya (tar), Şahanə Əhmədova, Nigar Babayeva, Röya Namazova və müəllim Bəturə Əhmədova (4 qanun) və konsertmeyster Sevinc Kərimovanın ifalarında dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə yazıçı-publisist, Xalq yazıçısı Elmira Axundova, musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətinə böyük tövhələri, əvəzolunmaz xidmətləri haqqında danışmışlar. Əməkdar rəssam Vüqar Əli ürək sözləri ilə çıxış etmiş, müəllifi olduğu Qara Qarayevin portretini muzeyə hədiyyə etmişdir.
Tədbirlər
|