16 mart 2026
Zakir Bağırov - 110
(16.03.1916 - 08.01.1996)
16 mart tanınmış bəstəkar, pedaqoq, professor, Azərbaycanın Əməkdar incəsənət xadimi Zakir Bağırovun 110 illik yubileyidir.
Zakir Bağırov Şuşada dünyaya gəlmişdir. 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəhlə fakültəsində İ.Aysberqin fortepiano sinfində oxumuş, 1935-ci ildə Moskva Dövlət Konservatoriyası nəzdində musiqi texnikumunda təhsil almışdı. 1939-cu ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil olan Zakir heç iki ay keçməmiş ordu sıralarına hərbi xidmətə çağırılaraq təhsilini yarımçıq saxlamağa məcbur olur. 1939-cu ilən başlayaraq səkkiz il davam edən hərbi xidməti yalnız 1946-cı ildə Mancuriyada başa çatır. 1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasıda (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətə başlamışdır. O, 1949-1992-ci illərdə müəllim, 1970-ci ildən isə musiqi nəzəriyyəsi kafedrasının müdiri işləmişdir.
Zakir Bağırov musiqi xəzinəmizi zənginləşdirən bir çox sanballı əsərlər yazmışdır. Bəstəkar musiqinin müxtəlif janrlarına müraciət etmişdir. Onun yaradıcılığında "Aygün" və "Qoca Xattabıç" operaları, iki musiqili komediya - "Qaynana", "Kəndimizin səsi", bir uşaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, bir çox teatr tamaşalarına və kinofilmə musiqi xüsusi yer tutur.
Bəstəkar Zakir Bağırov həmçinin fəal ictimai xadim idi. O, 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, həmçinin bu təşkilatın İdarə Heyətinin üzvü olmuş, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Respublikanın Televiziya və Radio Verilişləri Komitəsinin bədii rəhbəri, Azərbaycan Musiqi Fondunun İdarə Heyətinin sədri vəzifələrində çalışmışdır. Musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Zakir Bağırova aid bəzi materialları Sizə təqdim edirik.
Ümumi xəbərlər
|