25 oktyabr 2025
FİRİDUN ŞUŞİNSKİ - 100
(20.10.1925-25.10.1997)
Bu gün XX əsrin görkəmli musiqi tədqiqatçısı, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin 100 illik yubileyidir.
Firidun Şuşinski ömrünün əlli ildən artıq bir dövrünü Azərbaycan xalq musiqisinə, doğma Şuşanın və bütün Qarabağın musiqi tarixinin tədqiqinə həsr etmişdir. Onun Azərbaycan musiqiçiləri haqqında ensiklopedik kitabı Azərbayan musiqi tarixinə abidə hesab edilir.
Firidun Məhəmməd oğlu Həsənov 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini Şuşada almışdır. 1931-ci ildə Şuşinski Şuşa musiqi məktəbində skripka dərsləri almışdır. Şuşa pedaqoji məktəbində təhsilini bitirdikdən sonra dörd ay boyunca dərs dediyi Malıbəyli kəndindəki məktəbə müəllim göndərilmişdir. 1942-ci ildə könüllü olaraq faşizmə qarşı döyüşmək üçün cəbhəyə yollanmışdır. Döyüşlərdə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
1946-cı ildə ali təhsil almaq həvəsi Firidunu Bakıya gətirdi. O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil oldu. Hələ gənclik illərində onu həmişə bir məsələ düşündürürdü: Qarabağın tarixi ilə ciddi məşğul olmaq, xüsusilə də Şuşanın şanlı keçmişini araşdırmaq. Firidun Şuşinski XIX əsrin görkəmli xanəndəsi Hacı Hüsüdən başlamış Xan Şuşinskiyə qədər yaşamış el sənətkarlarının demək olar ki, hamısının həyat yollarını mükəmməl surətdə araşdırıb. Vaxtilə qocaman xanəndələrlə, musiqi həvəskarları və incəsənət xadimləri ilə görüşərək xatirələr toplayıb, mətbuat tarixinin dərin qatlarına baş vurub, bir sözlə, uzun illər səbr və inadla, əzab-əziyyətə qatlaşmaqla Azərbaycan xalqının mənəvi xəzinəsinə qiymətli töhfələr bağışlamış, qiymətli əsərlərin müəllifi olmuşdur. Firidun Şuşinskinin 1962-ci ildə işıq üzü görmüş ilk kitabı "Şuşa", "Cabbar Qaryağdıoğlu", "Seyid Şuşinski", "Tiflisin köhnə musiqiçiləri", "Azərbaycan xalq musiqiçiləri" və s. kitabları, onun portret-oçerkləri, monoqrafiyaları bu gün də musiqi tədqiqatçıları, musiqişünaslar üçün qiymətli mənbədir.
Firidun Şuşinski 1997-ci il oktyabrın 25-də vəfat etmişdir. Öz vəsiyyətinə uyğun olaraq Bərdə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ümumi xəbərlər
|