17 avqust 2025
MÜSLÜM MAQOMAYEV
(17.08.1942-25.10.2008)
Bu gün görkəmli musiqiçi, əfsanəvi müğənni, milyonların sevimlisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 83 illiyidir.
Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrimişdir. Sənətə vurğunluğu, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıdıb. Müslüm Maqomayev dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan Müslüm Maqomayevin C.Rossininin "Sevilya bərbəri" operasında yaratdığı Fiqaro obrazı ona böyük şöhrət gətirib.
Müğənninin ifasında "Koroğlu" (Ü.Hacıbəyli), "Şah İsmayıl" (M.Maqomayev), "Toska" (C.Puççini), "Aleko" (S.Raxmaninov) operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnıları xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanmışdı.
Ümumi xəbərlər
|