az | ru | en

28 iyul 2025


VASİF ADIGÖZƏLOV - 90
(28.07.1935-15.09.2006)


Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Vasif Zülfüqar oğlu Adigözəlovun 90 illik yubileyidir.
Vasif Adıgözəlov Azərbaycanın zəngin musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış şəxsiyyətlərdəndir. Bəstəkarın xalq mahnıları və muğam ənənələri zəminində dünya musiqisinin mühüm nailiyyətlərindən bəhrələnməklə ayrı-ayrı janrlarda meydana gətirdiyi çoxsaylı əsərlər Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Vasif Adıgözəlov 1935-ci ildə Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açmışdır. O, ilk musiqi təhsilini Bülbül adına musiqi məktəbində almış, 1953-cü ildə iki ixtisas üzrə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. Gənc musiqiçi bəstəkarlıq ixtisası üzrə Qara Qarayevdən təhsil almış, fortepiano ixtisasının sirlərini isə Simuzər Quliyevadan öyrənmişdir.
Hələ konservatoriyada oxuyarkən violonçel, skripka və fortepiano üçün bir sıra əsərlər yazmışdır. Tələbəlik illərində yazdığı "Qəhrəmanlıq" adlı simfonik poeması gənclərin və tələbələrin Moskvada keçirilən festivalında birinci dərəcəli diploma layiq görülmüşdür. Vasif Adıgözəlov dörd simfoniyanın, altı instrumental konsertin, beş musiqili komediyanın, "Segah" simfonik muğamın və dörd oratoriyanın müəllifidir. Vasif Adıgözəlovun xalq musiqi nümunələrindən yüksək bəstəkarlıq bacarığı ilə yararlanmış məzmunca milli, vətənpərvər ruhda olan əsərləri musiqi fondumuzun ən qiymətli nümunələridir. Müəllifin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala", "Qəm karvanı" oratoriyaları da məhz bu ruhda yazılmış əsərlərdəndir. Vasif Adıgözəlovun kino musiqisi öz janr müxtəlifliyi ilə seçilir. Bu filmlərin içərisində bədii, sənədli, cizgi və musiqili filmlər vardır. "Balaca çoban" (cizgi filmi), "Aktrisanın təbəssümü", "Cazibə qüvvəsi", "Hər şey olduğu kimi – Əminə Dilbazi", "Xidmət lifti", "Həyat bizi sınayır", "Kişi sözü", "Qəribə əhvalat", "Lahıc", "Mahnı qanadlarında", "Məhəbbət oratoriyası", "Skripkanın sərgüzəşti", "Şərikli çörək", "Zülfü ocağı" və sair kimi filmlər maraqlı kompozisiyalarla yaddaşlara həkk olunmuşdur. Vasif Adıgözəlovun mahnıları bu gün də sevilə-sevilə ifa olunur. Bəstəkarın "Bakı", "Təkcə səndən xoşum gəlir", "Mən gəzirəm hər yanı", "Gözləməsin, neyləsin?", "Şuşam", "Qərənfil", "Naz-naz", "Unutdu məni", "Şair, nə tez qocaldın" və başqa mahnıları hamımızın sevdiyi nəğmələrdir.
Vasif Adıgözəlov 1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1989-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 1980-ci ildən professor kimi gənc musiqiçilərin yetişməsində böyük rolu olan bəstəkar 1990-cı ildə Dövlət mükafatı laureatı olub. V.Adıgözəlov 1995-ci ildə "Şöhrət", 2006-cı ildə "İstiqlal" ordenləri ilə təltif edilib. Görkəmli bəstəkar 2006-cı il sentyabr ayının 9-da vəfat edib. Zəngin sənət ömrü yaşamış və daim xalqına bağlı olan Vasif Adıgözəlovun musiqisi bu gün də insanlara vətənpərvərlik, sevinc, inam, sevgi duyğuları bəxş edir. Bu mənada, sənətkar bu gün də bizim müasirimizdir. Onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri daim xatırlanır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Vasif Adıgözəlova aid virtual sərgini sizə təqdim edirik.








Ümumi xəbərlər










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.