17 aprel 2025
ZÜLFÜQAR HACIBƏYOV - 141
(17.04.1884 - 30.09.1950)
Bu gün 17 aprel görkəmli Azərbaycan bəstəkarı, musiqili teatrımızın banilərindən biri, Əməkdar İncəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun anadan olmasının 141 ili tamam olur.
Milli musiqi teatrımızın görkəmli nümayəndələrindən biri olan Zülfüqar Hacıbəyovun Azərbaycanda musiqili teatrın yaranmasında çox mühüm rolu olmuşdur. Zülfüqar Hacıbəyov milli folklor zəminində ilk professional musiqi formalarının yaranmasında mühüm rol oynamışdır. "Əlli yaşında cavan" (1910), "On bir yaşlı arvad, və ya Varlı" (1911), "Evliykən subay" (1912) musiqili komediyaları, "Aşıq Qərib" muğam operası (1916) onun qələminin məhsuludur.
Bundan əlavə o, "Üç aşiq və ya Məlikməmməd" (1917) operasının, "Kənd qızı", "Çoban qiz", "Əsgər nəğməsi" və başqa mahnıların müəllifidir. Zülfüqar bəy simfonik musiqi sahəsində də gücünü sınamışdır. 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı pyes bəstələmiş, oğlu Niyazi ilə birlikdə 1935-ci ildə C.Cabbarlının pyesi əsasında çəkilmiş ilk səsli Azərbaycan filmi "Almaz" kinofilminə musiqi yazmışdır.
Zülfüqar Hacıbəyovun əsərlərinin əhəmiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndirmişdir.
Zülfüqar Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidməti yüksək qiymətləndirilmişdir. Ona incəsənət sahəsində səmərəli və məhsuldar fəaliyyətinə görə 1943-cü ildə Azərbaycanın Əməkdar incəsənər xadimi fəxri adı, 1946-cı ildə "Şərəf nişanı" ordeni verilmişdir.
Sizə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Zülfüqar Hacıbəyova aid bəzi materialları təqdim edirik.
Ümumi xəbərlər
|