az | ru | en

23 noyabr 2022

Emin Sabitoğlu – 85


23 noyabr 2022-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun anadan olmasinin 85 illiyinə həsr olunmuş tədbir keçirlmişdir.
Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaratmışdır.
Sevimli bəstəkarın anadan olmasının 85 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Emin Sabitoğlunun musiqi mədəniyyəti tariximizdə xidmətləri, yaradıcılıq yolu haqqında danışmış, xatirələrini bölüşmüşdür. Çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Emin Sabitoğlunun yaradıcılığında kino musiqisi haqqında Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyev, kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımov, operator, Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Rafiq Qəmbərov çıxış etmişlər. Həmin çıxışlar zamanı Emin Sabitoğlunun musiqi müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş olunmuşdur.

Daha sonra bəstəkarın qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Emin Sabitoğlunun səs və fortepiano üçün “Romanslar” not məcmuəsinin yeni nəşrini təqdim etmişdir. Kitabda dərc olunmuş əsərlərdən bəziləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada sənəti kafedrasının müdiri, professor Məryəm Babayevanın rəhbərliyi ilə tələbələr Türkay Məlikova, Yavər Yılmaz, Bəxtiyar Quliyev, Xasay Şıxıyev və konsertmeysterlər Aysel Şahbazlı, Zəhra Parlanovanın ifalarında səslənmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədən irs şöbəsi, musiqi sektorunun müdiri Vüqar Hümbətov, Azərbaycan musiqi, kino, teatr ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları iştirak etmişlər.
Tədbir iştirakçıları Azərbaycan Dövlət Film Fondunun materialları əsasında hazırlanmış sərgi ilə tanış olmuşlar.








Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.