az | ru | en

17 iyul 2022

XATİRƏ: SEVDA İBRAHİMOVA
(28.11.1939-17.07.2022)


Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. 17 iyul 2022-ci il tarixində tanınmış bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, professor Sevda İbrahimova ömrünün 83-cü ilində vəfat etmişdir.
Sevda İbrahimova görkəmli tarzən, Xalq artisti Qurban Primovun nəvəsi və görkəmli dramaturq, xalq yazıçısı Mirzə İbrahimovun və pianoçu Sara Primovanın qızıdır.
Sevda İbrahimovanın milli və klassik musiqimizin inkişafında böyük xidmətləri olmuşdur. Bülbül adına Musiqi Məktəbini bitirən Sevda İbrahimova iki ali musiqi təhsili almışdır. O, Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və bəstəkarlıq fakültəsini bitirib. Onun müəllimləri görkəmli musiqiçilər Mayor Brenner və Qara Qarayev olmuşdur.
Sevda İbrahimovanı nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. O, iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifidir. Əsərləri ABŞ, Fransa, Almaniya, İsveçrə, Bolqarıstan və başqa ölkələrdə uğurla ifa olunub. Amerikalı dirijor Rikkardo Averbax Azərbaycanın xalq artisti, skripkaçı Zəhra Quliyeva ilə birlikdə Sevda İbrahimovanın simli orkestr və skripka üçün yazdığı «Həyat bir pəncərədir» əsərini Azərbaycanda, Amerika və Bolqarıstanda böyük uğurla və dəfələrlə ifa ediblər. Orqan, soprano və bariton üçün «Poema ithaf» Kölndə, fortepiano və simli orkestr üçün «Konsertino» Parisdə, fortepiano üçün yazılan «Əhvalruhiyyələr» Amerikada, Fransada, İsveçdə səslənib.
Sevda İbrahimova uzun illər Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə əməkdaşlıq etmiş, fəxri qonağı olmuşdur.
Muzeyin kollektivi sevimli bəstəkarın vəfatından dərin hüznlə kədərləndiyini bildirir. Sevda İbrahimovanın əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN!








Ümumi xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.