az | ru | en

22 fevral 2021
Süleyman Ələsgərov (22.02.1924-21.01.2000)


Görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai xadim, Xalq artisti, professor “Şöhrət” ordenli Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulmuşdur. Bu bənzərsiz diyarın ecazkar təbiəti, çal-çağırlı günləri gələcək bəstəkarın istedadını üzə çıxarmışdı. İlk təhsilini Şuşada alan gənc Süleyman Musiqi Texnikumunun tar sinfini bitirdikdən sonra 1941-ci ildə Bakıya gəlir, Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Burada Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarına və Boris Zeydmandan bəstəkarlığın sirlərinə yiyələnmişdi. 1942-ci ildə Şirzad Əliyevin sözlərinə yazdığı ilk qələm təcrübəsi olan “Gözlə məni” mahnısı çox uğurlu alınmışdı. Bu müvəffəqiyyətdən sonra Üzeyir bəyin xeyir-duası ilə Süleyman Ələsgərov bəstəkarlıq aləminə qədəm qoymuşdu. Gənc sənətkar 1943-cü ildə Üzeyir Hacıbəylinin zəmanəti ilə Azərbaycan Bəstəkarlar İttifaqına qəbul olunmuşdu.
1948-ci ildə konservatoriyanı bitirən Süleyman Ələsgərov geniş yaradıcılıq yoluna qədəm qoyur. O, musiqinin müxtəlif janrlarında qələmini sınayaraq dəyərli sənət əsərləri yaratmışdır. Süleyman Ələsgərov “Bahadır və Sona”, “Solğun çiçəklər” operalarının, “Məhəbbət gülü”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Olmadı elə, oldu belə”, “Subaylarınızdan görəsiniz”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Ulduz” operettasının, “Bayram müqəddiməsi”, “Vətən və gənclik” simfoniyaları, 7 simfonik poema, süitalar, xalq çalğı alətləri orkestri üçün “sözsüz mahnılar”, tar ilə xalq çalğı alətləri orkestri üçün 3 konsert, violençel, fortepiano və simfonik orkestr üçün “İkili” konsert, 200-dən çox mahnı və romans, xor musiqisi və s. bu kimi əsərlərin müəllifidir. Xalq musiqisinin, xüsusən də muğam janrının incəliklərinə bələd olan bəstəkarın “Bayatı-Şiraz”simfonik muğamı onun yaradıcılığında mühüm mərhələni təşkil edir.
Süleyman Ələsgərov Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944-1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949-1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951-1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952-1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954-1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960-1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971-1998) vəzifələrində çalışmışdır.
Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib. Xalqımızın sevimli oğlu, mehriban, qayğıkeş, böyük bəstəkarımız Süleyman Ələsgərovun əziz xatirəsi qəlbimizdə yaşayır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından sizə “SÜLEYMAN ƏLƏSGƏROV ” virtual sərgisini təqdim edirik.





Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.