az | ru | en

20 yanvar 2021
20 yanvar tariximizin qəhrəmanlıq səhifəsidir!


Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən 31 il ötür.
Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Bu hadisələr təkcə xalqımızın deyil, XX əsrdə baş verən dünyanın ən böyük faciələrindən biri kimi tanınır, lakin 20 yanvar hadisələri xalqımızın yekdilliyi, sarsılmaz iradəsi, cəsarətini əks etdirən qürur səhifəmizdir.
Ümumilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinə qiymət verərək demişdi: “1989-cu ildən başlayan milli azadlıq hərəkatı Azərbaycan xalqının tarixində ən parlaq səhifədir və bu hadisələri heç zaman, heç kəs qiymətdən sala bilməz”.
Elm, mədəniyyət və incəsənət xadimləri bu hadisələrə faciədən dərhal sonra öz münasibətlərini bildirdilər. Yüzlərlə şəhidimizin faciəsini, qaçqın və köçkünlərimizin fəlakətlərini cəsarətlə dünya ictimaiyyətinə çatdırdılar.
20 Yanvar faciəsi musiqimizdə də öz ifadəsini tapmışdır. Musiqinin yayılma imkanları söz sənəti ilə müqayisədə daha çoxdur. Təsadüfi deyil ki, bu mövzuda ilk olaraq bəstəkarlarımız öz vətəndaşlıq mövqeyindən irəli gələrək möhtəşəm əsərlər yazmağa başladılar. Azərbaycan bəstəkarları 90-cı ildən başlayaraq 20 Yanvar mövzusunda yüzlərlə əsər: simfoniya, simfonik poema, vokal-instrumental əsərlər, kantatalar, oratoriyalar, odalar, fortepiano üçün əsərlər, mahnılar yazıblar.
Cövdət Hacıyevin “Şəhidlər”, Azər Rzayevin “Bakı-90”, Oqtay Kazıminin “Şəhidlər” simfoniyaları, Sevda İbrahimovanın bariton səs və simfonik orkestr üçün “Vətən şəhidləri” kantatası, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, “Qəm karvanı”oratoriyası, “Bir şərqi de”, “Şuşam laylay” mahnıları, Azər Mirzəyevin “Yanvar mərsiyələri”, Mobil Babayevin xor və orkestr üçün “Ağlama, torpağım, ağlama” kantatası, Ramiz Mustafayevin “Salatın”oratoriyası, “Bu qan yerdə qalan deyil” vocal-simfonik poeması, “Haqq səndədir”kantatası, Aydın Əzimovun “Qətl günü” orqan üçün simfonik röyaları, Sərdar Fərəcovun kamera orkestri üçün “Oxunmamış laylay”, “Matəm harayları” simfonik lövhəsi, Aqşin Əlizadənin “Ana torpaq”odası, Tofiq Bakıxanovun 7 saylı “Qarabağ harayı”simfoniyası, Firəngiz Əlizadənin “İntizar”operası, Musa Mirzəyevin A Kapella xoru və p-no üçün “Qeyrət vaxtıdır”, xor və simfonik orkestr üçün “Doğma Azərbaycan” 7 hissəli oratoriyası, Faiq Sücəddinovun fortepiano üçün “Şəhidlər Xiyabanı”, Ruhəngiz Qasımovanın “Şəhid oğulları”, Hacı Xanməmmədovun “Əlimdə sazım ağlar”, Emin Sabitoğlunun “Şəhidlər ağısı” və adlarını çəkə biləcəyimiz onlarla dəyərli sənət nümunələri XX əsrtarixində xalqımıza və Vətənimizə üz vermiş dəhşətli faciələrdən söz açır. Bəstəkar Arif Məlikov musiqi əsərləri ilə yanaşı 20 Yanvar hadisələrinə etiraz olaraq “İttiham edirəm”kitabını yazmış, dəhşətli olayları dünya ictimaiyyətinə çatdırmışdır. Onun bir rəssam kimi işlədiyi “20 Yanvar”tablosu xalqın iztirablarını əks etdirir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.





Ümumi xəbərlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.