az | ru | en

13 yanvar 2021
“Nizami Gəncəvi Azərbaycan musiqi mədəniyyəti dövlət muzeyinin materiallarında” rubrikası


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması Nizami Gəncəvinin irsinin öyrənilməsi və təbliğinə əhəmiyyətli tövhə olacaqdır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Nizami Gəncəvi ili” çərçivəsində silsilə tədbirlər, sərgilər, dəyirmi masalar, konsertlər keçirilməsi nəzərdə tutulmuşdur. Karantin rejimini nəzərə alaraq bu tədbirlər hələlik onlayn formatda keçiriləcəkdir.
Nizami yaradıcılığı hər zaman Azərbaycan bəstəkarlarının və musiqişünaslarının diqqət mərkəzində olmuşdur. Dahi şairin əsərlərindən ilhamlanan bəstəkarlarımız onlarla əsər - opera, balet, süita, simfonik poema, romanslar yazmışlar. Onların arasında Niyazinin “Xosrov və Şirin” operası, Əfrasiyab Bədəlbəylinin “Nizami” operası, Qara Qarayevin “Leyli və Məcnun” simfonik-poeması, “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Nizamiyə xatirə” simfoniyası, Soltan Hacıbəyovun “İskəndər və çoban” uşaq operası, Tofiq Bakıxanovun “Xeyir və Şər” baleti və s. ilə yanaşı Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan”, Fikrət Əmirovun “Gülüm”, Şəfiqə Axundovanın “Nə gözəl”, Cahangir Cahangirovun “Gül camalın” və “Nazənin”, Ədilə Hüseynzadənin “Vəslin həvəsi”, Məmməd İsrafilzadənin “Hüsnün gözəl” romanslarını və başqalarını qeyd edə bilərik.
Rubrikamızda Sizə muzeyimizin zəngin kolleksiyalarında saxlanılan materiallardan birini təqdim etmək istəyirik. Bu görkəmli bəstəkar və dirijor, SSRİ Xalq artisti Maestro Niyazinin Nizami Gəncəvinin eyniadlı əsəri əsasında 1942-ci ildə yazdığı “Xosrov və Şirin”operasına aid bəzi materiallardır.
Qeyd edək ki, Niyazinin “Xosrov və Şirin” operasının partiturası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kitabxanasında saxlanılırdı. Operanın partiturasının muzey dəyəri olduğu üçün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin müraciəti ilə teatrın rəhbərliyi onu məmnuniyyətlə muzeyə vermişdi. Opera Teatrına partituranın surəti çıxarılıb verilmişdir.





Rubrikalar








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.