az | ru | en

29 iyun 2020
XATİRƏ: YAŞAR SƏFƏROV-80 (1940-2007)




Gözəl səs sahibi, görkəmli müğənnimiz, əməkdar artist Yaşar Səfərov incəsənətimizin inkişafına əvəzsiz töhfələr bəxş edən şəxslərdəndir.
Yaşar Səfərov ömrünün 50 ilini sənətə bağlamışdı. Əməkdar artist, Prezident təqaüdçüsü olaraq yaradıcılığı boyu 400-dən artıq mahnı ifa etmişdi. İllər keçməsinə baxmayaraq bu gün də dəyərli müğənninin səsi dinləyiciləri heyran etməkdədir. O, ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda özünə şöhrət tapmış, məlahətli səsi, gözəl ifaçılıq qabiliyyəti və rəngarəng repertuarı ilə geniş dinləyici auditoriyasının rəğbətini qazanıbdır. Klassik Azərbaycan mahnılarının bənzərsiz ifaçılarından olan Yaşar Səfərov doğma diyarımızın yetişdirdiyi böyük və unudulmaz sənətkarlardan biridir.
Musiqiyə, vokal sənətinə olan güclü həvəs Yaşar Səfərovu Azərbaycan musiqi elminin beşiyi sayılan Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarır. Burada əvvəlcə kamança, 2-ci kursdan isə oxuduğu “Küçələrə su səpmişəm” xalq mahnısı bəyənildikdən sonra isə vokal sinfində təhsil alır. Texnikumda təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsilə yiyələnir. İnstitutu bitirdikdən sonra uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin solisti işləyən Yaşar Səfərov Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış edərək Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil edib. O, həmçinin Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısıdır.
Yaşar Səfərovun səhnə həyatı çox uğurlu olub. Səs diapazonuna, səhnə mədəniyyətinə, həyatda davranışına görə onu çox istəyirmişlər. Şövkət Ələkbərova onu hər dəfə görəndə deyərmiş: “həm ifaçı həm də qədərsiz insan olduğun üçün sənə qədərsiz hörmətim var”. Təsadüfi deyil ki, Ramiz Mirişli, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa bəstəkarlar yeni nota aldıqları mahnıları ifa etməyi məmnuniyyətlə ona həvalə edərdilər. Elə bu səbəbdən də müğənninin repertuarındakı mahnılar günbəgün artırdı. Hazırda qızıl fondda saxlanılan “Oxu tar”, “Şeir deyildi”, “Ağ çiçəklər”, “Süsən qızlar” xalq mahnılarından “Küçələrə su səpmişəm”, “Gözəlim sənsən” və başqa mahnılar onun ifasında səslənəndə böyük alqışlarla qarşılanardı. Unudulmaz səs sahibinin ifasında dinlənilən elə mahnılar var ki, bu dəyərli əsərlərə sənətkar öz möhrünü vurub. Belə mahnıların sırasında onun sənət dostları ilə birgə oxuduğu duetlər xüsusilə seçilir.Yaddaqalan, şirin, məlahətli səsləri ilə könülləri riqqətə gətirən, bu gün də adları sənətsevər dinləyicilər tərəfindən hörmətlə çəkilən iki ifaçı - Yaşar Səfərovla Elmira Rəhimova musiqi mədəniyyətimizdə duet janrına adlarını qızıl hərflərlə yazdırıblar. Məhz onların ifasında səslənən “Səadət”, “Günəşi gözləyirik”, “Həyat söylə sən kiminsən”, “Ulduzlar” və digər mahnılar duet janrının ən gözəl nümunələri kimi xalq tərəfindən sevilib.
Yaşar Səfərov eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, sənət dünyamız üçün, gələcək musiqimiz üçün də istedadlı kadrlar yetişdirdi.¶Ondan geriyə unudulmaz mahnılar qaldı. İllər keçsə də yenə onun səsi könül dünyamızı ovunduracaq, ruhumuz onun səsini eşitməyə can atacaq.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.