az | ru | en

18 aprel 2020
MUSİQİ MUZEYİNİN ARXİVİNDƏN: ƏFRASİYAB BƏDƏLBƏYLİ “QIZ QALASI” BALETİ – 80.




80 il bundan əvvəl, 18 aprel 1940-cı il tarixində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli bəstəkar, dirijor, librettoçu, Xalq artisti Əfrasiyab Bədəlbəylinin (19.04.1907-06.01.1976) “Qız qalası” baletinin premyerası baş tutmuşdur.
Bu gün Sizə “Qız qalası” baletinə dair Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxivlərində mühafizə olunan materiallardan bir hissəsini təqdim etmək və bir qədər bu balet haqqında danışmaq istəyirik.
Milli baletimizin ilk nümunəsi olan “Qız qalası” baleti yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə ilk baletdir. Üzeyir Hacıbəyli “Pravda” qəzetinin 1940-cı il 25 aprel tarixli nömrəsində dərc edilən məqaləsində qeyd edirdi ki, “Qız qalası” baleti Sovet Azərbaycanı incəsənətinə qiymətli bir hədiyyədir…
Əfrasiyab Bədəlbəylinin Qəmər Almaszadənin şərəfinə yazdığı bu balet əsəri sonralar yeni balet nümunələrinin yaranmasına yol açmışdır.
Əfrasiyab Bədəlbəyli “Qız qalası” baleti üzərində 1936-cı ildə yaradıcılıq işinə başlamış, 1940-cı il aprel ayının 18-də isə bu əsər Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Baletin librettosu da bəstəkara məxsus idi. Rəqslərin quruluşunu Qəmər Almaszadə vermişdi. Quruluş Sergey Gevorqov və Vaxtanq Nadirzadə və baletmeyster Vaxtanq İvanoviç Vronski tərəfindən həyata keçirilmişdi. Tərtibatçı rəssam Fyodor Qusak idi. Librettonun mövzusu doğma Bakımızın XII əsr memarlıq abidəsi hesab edilən Qız qalası haqqında əfsanədən götürülmüşdür. Əsərdə azadlıq, məhəbbət və xoşbəxtlik uğrunda mübarizədən danışılır.
"Qız qalası” baletinin ilk səhnə təcəssümündən onilliklər sonra, 1959 və 1999-cu illərdə yeni redaksiyası təşkil edilir. İkinci redaktədə (1959-cu il) baletin quruluşçu baletmeysteri, sonralar SSRİ Xalq artisti və professor adına layiq görülmüş Qəmər Almaszadə, tamaşaya yeni bədii tərtibat verən isə onun qardaşı Ənvər Almaszadə idi. Gülyanaq rolunda SSRİ Xalq artisti Leyla Vəkilova və öz sevgisini xanın pəncəsindən igidliklə qorumağa çalışan Polad surətinin yaradıcısı Xalq artisti Maqsud Məmmədovun adları Azərbaycan balet tarixində silinməz izlər qoymuşdur. Sonuncu, yəni 1999-cu ildə edilmiş üçüncü redaktədə baletin librettosu və musiqisi Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli (Əfrasiyab Bədəlbəylinin qardaşı oğlu) tərəfindən yenidən işlənərək yeni formaya salınmışdır. Baletin yeni redaksiyasında balet truppasının bədii rəhbəri Yuliana Əlikişizadə, əsas rolların ifaçısı Əməkdar artist Mədinə Əliyeva və Xalq artisti Gülağası Mirzəyev olmuşlar.






Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.