az | ru | en

17 dekabr 2018
DAHİ AZƏRBAYCAN BƏSTƏKARI QARA QARAYEVİN 100 İLLİK YUBİLEYİ TBİLİSİDƏ QEYD EDİLMİŞDİR


Dövlət başçısı, cənab İlham Əliyevin dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bir sıra tədbirlər həyata keçirtmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin il ərzində bununla əlaqədar keçirtdiyi silsilə tədbirlər çərçivəsində dekabrın 17-də Tbilisi şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “Qara Qarayev-100” tədbiri baş tutmuşdur. Muzeyin əməkdaşları, fonoteka şöbəsinin müdiri Ruhiyə İsmayılova və aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətlinin iştirakı ilə keçirilən tədbirdə Tbilisidə fəaliyyət göstərən musiqi təhsilli ocaqların tələbə və müəllim heyəti, ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr və muzeyin əməkdaşları iştirak ediblər. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla xanım Əliyeva hamını salamlayaraq bu tədbirin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşəbbüsü ilə keçirildiyini vurğulamış, muzey əməkdaşlarını qonaqlara təqdim etmişdir. Y.Neymətli Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın salamlarını tədbir iştirakçılarına çatdırmışdır. Nazirliyin dəstəyi ilə Bakıda Qara Qarayevin Ev Muzeyinin yaradılması və oktyabrın 1-də Beynəlxalq Musiqi Günündə təntənəli şəkildə açıldığını bildirmişdir. Tədbirin ən maraqlı anı Ev Muzeyindən hazırlanan videoçarxın təqdimatı olmuşdur. Muzeyin strukturu, orada saxlanılan eksponatlar, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bu filialın yaradılmasında gördüyü işlər barədə məlumatlar verildi. Qara Qarayevin həyat və yaradıcılığı haqqında R.İsmayılova və Y.Neymətli çıxısları slayd-şou ilə müşayiət olunmuşdur. Bəstəkar haqqında çəkilən sənədli filmlərdən parçalar da nümayiş olunaraq, müxtəlif mədəniyyət və siyası xadimlərin ayrı-ayrı zamanlarda söylədikləri fikirlər də dinləyicilərə çatdırılmışdır. Ulu öndər Heydər Əliyev cənablarının Qara Qarayev yaradıcılığına verdiyi yüksək qiymət xüsusi vurğulanmışdır.
Tədbir iştirakçıları tərəfindən həm bəstəkarın həyat və yaradıcılığı, həm də muzeyin fəaliyyəti barədə əməkdaşlara ünvanlanan çoxsaylı suallar cavablandırılmışdır. M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru L.Əliyevaya tədbirin keçirilməsində ev sahibliyi etdiyinə görə təşəkkür edilmiş, muzeyin adından qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edilərək, hədiyyələr – muzey tərəfindən nəşr edilmiş kitablar, notlar, disklər, bukletlər təqdim olunmuşdur. L.Əliyeva muzey əməkdaşlarına maraqlı çıxışlarına görə minnətdarlığını bildirdi.
Dekabrın 18-də Gürcüstan Xalq Musiqisi və Musiqi Alətləri Dövlət Muzeyi ilə birgə tədbir baş tutmuşdur. Muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi kimi Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaçıları Assosyasiyasının üzvüdür.
Tədbirdə Y.Neymətli Qara Qarayevin gürcü həmkarları David Toradze, Sulxan Tsinsadze, Qiya Kançeli, rəssam Simon Virsaladze ilə münasibətlərindən, onların bəstəkar haqqında xatirə və fikirləri barədə məlumat vermişdir. Muzeyin direktoru cənab Revas Kotrikadze Qara Qarayev musiqisi ilə Gürcüstan Dövlət Simfonik Orkestrində işlədiyi zaman ilk tanışlığından, xüsusilə o zaman kollektivin baş dirijoru Cansuq Kaxidzenin bəstəkarın sənətinə verdiyi yüksək qiymət haqqında danışdı. Təbdirdə Revaz Şanidzenin rəhbərlik etdiyi “Ənənəvi gürcü çoxsəsli studiyası” nın musiqiçiləri maraqlı konsert proqramı ilə çıxış etdilər.
Gürcüstan Xalq Musiqisi və Musiqi Alətləri Dövlət Muzeyinə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Qara Qarayevin Ev Muzeyi adından hədiyyələr təqdim edilmişdir.Gürcü həmkarlar gələcəkdə də, əməkdaşlığın davam etdirilməsinə ümid etdiklərini bildirdilər.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.