az | ru | en

4 fevral 2011
“Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabı

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin növbəti nəşri olan “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabı Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şərq və Qərb” Mətbəə və Nəşriyyat evi tərəfindən nəşr olunmuşdur.
Layihənin rəhbəri və elmi redaktoru Alla Bayramova kitaba yazdığı ön sözdə bildirmişdir ki, böyük Azərbaycan bəstəkarı Qara Əbülfəz oğlu Qarayevin (1918-1982) həyat və yaradıcılığına həsr olunmuş bu nəşr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan materiallar əsasında ərsəyə gəlmişdir. Muzeyin kolleksiyalarında 50 mindən artıq əşya mövcuddur ki, bunların arasında Qara Qarayevə aid materiallar da mühüm yer tutur. Bunlar Qara Qarayevə və ona yaxın olanların fotoşəkilləri, not və mətnlərin əlyazmaları, afişalar, proqramlar, təsviri sənət nümunələri, bəstəkarın şəxsi kitabları və əşyalarından ibarətdir. Bu materialların müəyyən hissəsini muzeyə bəstəkarın övladları - oğlu Fərəc Qarayev, qızı Züleyxa Qarayeva - Bağırova təqdim etmiş, qalanları isə başqa mənbələrdən daxil olmuşdur.
Kitabın təqdimat mərasimi 2011-ci il fevralın 4-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilmişdir.
Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Anar və başqaları iştirak etmiş, giriş sözü ilə M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov cıxış etmişdir. Sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyeva, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi, əməkdar elm xadimi Zemfira Səfərova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, xalq artistləri, bəstəkarlar Xəyyam Mirzəzadə, Musa Mirzəyev və başqaları çıxış etmişlər.
Tədbirdə Qara Qarayevin əsərlərindən nümunələri Azərbaycan Dövlət Simli Kvarteti ifa etmişdir. Həmçinin Qara Qarayevin Şekspirin “Hamlet” faciəsinin tamaşasına yazdığı musiqidən fraqment - Pantomima, fleyta improvizasiyası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Elnur Qurbanovun ifasında səslənmişdir.



Tədbirlər






Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi





UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.