az | ru | en

13 aprel 2020
VİRTUAL SƏRGİ


Sizi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunub saxlanılan zəngin və maraqlı materiallarla tanışlığı davam etdiririk.
Bu dəfə sizə Maestro Niyazinin 1961-1965-ci illərdə xarici qastrol səfərlərindən ( London, Paris, Leypsiq, Praqa, İstanbul, Leninqrad, Monqolustan), qonşusu, dahi bəstəkarımız Qara Qarayevin qızı Züleyxa Qarayeva-Bağırovaya göndərdiyi məktub (2 ədəd), açıqca(8 ədəd) və teleqramları (1ədəd) təqdim edirik.
Bütün bu materialları Züleyxa xanım Qarayeva-Bağırova 2012-ci ildə Muzeyə hədiyyə etmişdir.
Niyazinin Züleyxa xanıma Londondan yazdığı məktubun tərcüməsini də təqdim edirik:

Əziz və çox sevimli Zulya!
Sənin olduqca qəşəng kağızda yazdığın zərif məktubunu aldım. Çox sağ ol, əzizim. Sən bütün Qarayevlərdən yeganəsən ki, xoş bir iş görməyə cəsarət etdin – doğma yerlərdən, yaxınlarından çox uzaq olan və əlbəttə, çox darıxan, səni sevən əmini xatırladın.
Sənin ixtisasdan 5 almağına və bu işdə mənim də kişik köməyim olduğuna ürəkdən sevinirəm.
Dostum, indi yorulmadan, səylə çalış, ciddi, gərgin əmək gələcəkdə sənə çox kömək edəcək, müstəqil yaradıcılıq prosesinin təşəkkülünü cox asanlaşdıracaq. Xəlvəti deyirəm - bu işdə sən atana oxşa – o, ən parlaq nümunədir. KK təbii istedaddan əlavə, çox zəhmət tələb edən və çətin işdə xalqı üçün böyük, faydalı işlər görür, hər bir uğuru ilə insanların gözündə qalxır, cəmiyyətin sevimlisinə çevrilir. Xoşbəxtlik bax bundadır, həmişə sevinc gətirən insani xoşbəxtlık. Biz, hamımız, səni sevənlər (əlbəttə, nənə başda olmaqla, olar mən nənədən sonra ikinci olum) səni həmişə yalnız xoşbəxt görmək istəyirik.
Mənim tamaşalarımı sənin imtahanlarına oxşatmaq olar, bunda mən səndən geri qalmıram, hər dəfə 5-lik dirijorluq edirəm. Axı, hər axşam yeni tamaşaçılar və onlara Niyazi əminin nəyə qadir olduğunu göstərmək lazımdır. Hesab edirəm ki, biz səninlə çox yaxşı çalışırıq. Belə də lazımdır.
Lakin, mən darıxıram və səndən çox və tez-tez darıxıram. Axı, sənin yanında qayğıkeş, qızıl kimi nənən, həmişə məşğul, gözəl insan Qərə Qərəov; tələbkar, ali komissar – həmişə füsunkar Mamusya, həssas komsomol lideri Faracik; həmişə mehriban Həcər xala; gözəl Bakı vardır.
Məndə isə - səsli-küylü, maşın axınlı, çirkli, sayrışan reklamları ilə adamı bezdirən kosmopolit, amerikalılarla dolu olan Paris, onu da qeyd edim ki, onlara çox pis münasibət bəsləyirlər. Hasarların üzərində şəxsən özüm tez-tez qara boya ilə “Yankilər evinizə rədd olun” yazılarını görmüşəm.
Noterdam, Şanzelize, Luvr, Eyfel qülləsi, Bastiliyası olan Paris sanki vahid fransız mədəniyyəti üçün əsrlərlə valehedici olmayıb, ötüb keçmiş əsrlərin susqun lazımsız şahidləri kimi tarixin dərinliklərindən qopardılmışdır. Vaxtı ilə ön sırada gedən şəhər hazırda nəinki zövq sahəsində, həm də incəsənət, xüsusilə musiqi və balet sahəsində idxalla yaşayır. Ona görə də parislilər gah Stravinskiyə, gah Bernstayna (bu müasir Romeo və Cülyettanı ifa edən edən Amerika truppasıdır), gah Belçika baletinə (son dərəcə biabırçılıq – bilinmir sirkdi, yoxsa bədən tərbiyəsi) üstünlük verirlər.
Fransada tanınmış və parlaq bəstəkarlar yoxdur. Bütün bunlar sıxıntı yaradır.
İngiltərənin paytaxtı, əksinə olaraq xarici görünüşdə milli ənənəni qoruyub saxlayır, lakin daha çox keçmişə istinad edir. Hər iki paytaxt özlüyündə çox gözəl və təzadlıdır. Londonda hətta sol tərəfli hərəkətdir və çoxları şlyapada gəzirlər.
Muzeylərdə oluram. London muzeyləri daha zəngindir, qəbullarda, hətta şahzadə Marqaretin qəbulunda olmuşam; lakin evə qayıdan kimi darıxıram və daim tənhalıq hiss edirəm, çünki qürbətdəyəm! Evə istəyirəm, canlı insanların yanına, təmiz havaya.
Burada gəzmək olar, ancaq yaşamaq heç vaxt!
Beləki, mən səndən çox darıxıram. Mən şadam ki, sən teatrın uğurlarından xəbərdarsan. Bu yaxınlarda Həcər xalaya fransız qəzet kəsikləri göndərmişəm, onları oxu, yaxşı, lakin özünəməxsus yazılardı.
Ayın 18-19 truppa ilə Leninqrada uçuruq (ola bilsin Moskvadan), işlərimi sahmana salacam və Bakıya gəlişimin dəqiq tarixi haqqında məlumat verərəm, avqustun 2-3-dən gec olmaz. Ola bilsin ki, 22-26 iyul arası.
Güman edirəm ki, biz Həcər xanımla səni oğurlayıb Leninqrada aparacağız. Kirov prospektində bizsiz yaşamaq kifayətdir.
Çox xahiş edirəm mənim əvəzimə nənəni və Faraciki öp. Ananı bərk-bərk qucaqla, professora dərin ehtiramımı bildir. Onlara de ki, hamısını çox sevirəm (ancaq qoy siqareti az çəksinlər).
Atana, onun qastritinə qarşı yaxşı dərmanlar gətirəcəyəm.
Əgər ona nəsə lazım olsa, zəng vursun. Temple Bar 8080, room 456
Sənə isə, gətirəcəyim hədiyyə gizli qalsın.
Bərk-bərk səni öpürəm, Səni sevən əmin Niyazi
London, 29/VI-61.
Sona xanıma, babana, Musa dayıya və ailə üzvlərinə xüsusi salam





geri








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi






UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.